Bakı Dövlət Universitetində “Gənclər sülh naminə mədəniyyətlərarası dialoqda – Bakı Forumu”nun açılış mərasimi

Mövcuddur:

30 aprel 2026-cı il tarixində Bakı Dövlət Universitetində “Gənclər sülh naminə mədəniyyətlərarası dialoqda – Bakı Forumu”nun açılış mərasimi keçirilib.

Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi və Ümummilli lider Heydər Əliyevin, eləcə də Vətən uğrunda canlarından keçmiş şəhidlərin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.

Açılış nitqi ilə çıxış edən BDU-nun Beynəlxalq əlaqələr üzrə prorektoru Şahin Pənahov ali təhsil mühitində mədəniyyətlərarası dialoqun rolundan bəhs edib, BMT-nin Dayanıqlı İnkişaf Məqsədləri çərçivəsində “Keyfiyyətli təhsil” anlayışının yalnız akademik biliklərlə məhdudlaşmadığını vurğulayıb. O, BDU-da formalaşan multikultural akademik mühitin tələbələr arasında tolerantlıq, qarşılıqlı hörmət və dialoq mədəniyyətini gücləndirdiyini qeyd edib. O, Azərbaycan multikulturalizminin tarixi köklərinə toxunaraq bu dəyərlərin bu gün ali təhsil müstəvisində praktik şəkildə yaşadıldığını diqqətə çatdırıb.

Daha sonra çıxış edən Azərbaycan Respublikası Milli Məclisinin deputatı, Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin və Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvü Rizvan Nəbiyev qlobal miqyasda artan qeyri-müəyyənlik, münaqişələr və geosiyasi gərginlik fonunda mədəniyyətlərarası dialoqun və sülh təşəbbüslərinin əhəmiyyətindən danışıb. Deputat, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin “Sülh və Barışıq üçün Gernika mükafatı”na layiq görülməsini xatırladaraq bunun ölkəmizin sülh diplomatiyası, multikulturalizm siyasəti və beynəlxalq əməkdaşlıq istiqamətində apardığı ardıcıl fəaliyyətin göstəricisi olduğunu bildirib.

Sonda çıxış edən “Bir Könüllü” TƏİB-in sədr müavini Rufiz Qulizadə forumun yerli və əcnəbi tələbələri, eləcə də gənclər sektoru fəallarını bir araya gətirən önəmli platforma olduğunu bildirib, tərəfdaş qurumlara təşəkkürünü ifadə edib.

Qeyd edək ki,forum Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin dəstəyi, Bakı Dövlət Universiteti, “BDU könüllüləri” təşkilatı və Mədəniyyətlərarası Dialoq naminə Qlobal İttifaq tərəfdaşlığı və “Bir Könüllü” TƏİB-in təşkilatçılığı ilə keçirilir.