“Azərbaycan multikulturalizm modeli: Təcrübə, gənclər və beynəlxalq təsir” mövzusunda birinci panel müzakirə keçirilib

Mövcuddur:

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin dəstəyi, Bakı Dövlət Universiteti, “BDU könüllüləri” təşkilatı və Mədəniyyətlərarası Dialoq naminə Qlobal İttifaq tərəfdaşlığı, həmçinin “Bir Könüllü” Tələbələrin Əməkdaşlığı İctimai Birliyinin təşkilatçılığı ilə həyata keçirilən Gənclər sülh naminə mədəniyyətlərarası dialoqda – Bakı Forumu çərçivəsində “Azərbaycan multikulturalizm modeli: Təcrübə, gənclər və beynəlxalq təsir” mövzusunda birinci panel müzakirə keçirilib. Panel sessiya Rufiz Qulizadənin moderatorluğu ilə təşkil olunub və mövzu ətrafında geniş fikir mübadiləsi aparılıb.

Panelin ilk çıxışçısı Bakı Dövlət Universitetinin Fəlsəfə kafedrasının əməkdaşı Aygün Xəlilqızı multikulturalizmin fəlsəfi əsasları, tolerantlıq anlayışının mahiyyəti və mədəni müxtəlifliyin cəmiyyətin mənəvi-intellektual inkişafına təsiri barədə danışıb. O bildirib ki, multikulturalizm yalnız sosial model deyil, həm də düşüncə tərzi və dəyərlər sistemidir.

Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin şöbə müdiri Yadigar Məmmədli Azərbaycan multikulturalizm modelinin formalaşma tarixi, dövlət siyasətindəki rolu və institusional əsasları barədə məlumat verib. O qeyd edib ki, bu model illər ərzində praktik müstəvidə formalaşıb və təhsil, mədəniyyət, eləcə də ictimai həyatın müxtəlif sahələrində uğurla tətbiq olunur.

Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin sektor müdiri Kənan Əliyev çıxışında gənclər siyasətində multikultural dəyərlərin təşviqinin əhəmiyyətini vurğulayıb. O, gənclərin mədəniyyətlərarası dialoqda fəal iştirakının cəmiyyətlərarası anlaşmanın möhkəmlənməsinə mühüm töhfə verdiyini bildirib.

Panel interaktiv formatda davam edib, iştirakçıların sualları panelistlər tərəfindən cavablandırılıb və mövzu ətrafında geniş fikir mübadiləsi aparılıb. Müzakirələr zamanı Azərbaycan multikulturalizm modelinin gənclər müstəvisində tətbiqi, beynəlxalq təsiri və gələcək perspektivləri ilə bağlı maraqlı məqamlar səsləndirilib.