“Gənclər sülh naminə mədəniyyətlərarası dialoqda – Bakı Forumu” çərçivəsində “İnklüziv cəmiyyətlər və sosial inteqrasiya” mövzusunda V panel sessiya keçirilib

Mövcuddur:

“Gənclər sülh naminə mədəniyyətlərarası dialoqda – Bakı Forumu” çərçivəsində “İnklüziv cəmiyyətlər və sosial inteqrasiya” mövzusunda V panel sessiya keçirilib.

Paneldə jest dili təlimçisi və sosial layihələr üzrə təşkilatçı Nuranə Abıyeva çıxış edib. O, çıxışında mədəniyyətlərarası ünsiyyət prosesində inklüzivliyin əhəmiyyətindən geniş bəhs edib və qeyd edib ki, davamlı və effektiv dialoq yalnız bütün sosial qrupların bərabər və əlçatan şəkildə prosesə cəlb olunması ilə mümkündür.

Spiker vurğulayıb ki, mədəniyyətlərarası ünsiyyət yalnız fərqli millət və etnik kimliklər arasında deyil, eyni zamanda müxtəlif sosial və fiziki imkanlara malik fərdlər arasında da qarşılıqlı anlaşmanı əhatə etməlidir. Xüsusilə kommunikasiya baryerlərinin aradan qaldırılması, jest dili və alternativ ünsiyyət vasitələrinin təşviqi inklüziv dialoq mühitinin formalaşdırılmasında mühüm rol oynayır.

Sessiya zamanı inklüziv yanaşmanın mədəniyyətlərarası dialoqun keyfiyyətinə təsiri, sosial inteqrasiyanın kommunikasiya müstəvisində təmin olunması və gənclərin bu istiqamətdə maarifləndirilməsinin vacibliyi müzakirə olunub. Qeyd edilib ki, inklüzivlik prinsipi tətbiq edilmədən formalaşdırılan dialoq mexanizmləri uzunmüddətli və dayanıqlı nəticələr vermir.

Panel interaktiv formatda davam edib, iştirakçıların sualları cavablandırılıb və mövzu ətrafında geniş fikir mübadiləsi aparılıb. Sessiya çərçivəsində inklüzivliyin mədəniyyətlərarası ünsiyyətin ayrılmaz tərkib hissəsi olduğu və sosial inteqrasiyanın bu prosesin əsas dayaqlarından biri kimi çıxış etdiyi vurğulanıb.