“Gənclər və mədəni diplomatiya: Yeni nəsil təsir mexanizmləri” mövzusunda III panel müzakirə baş tutub

Mövcuddur:

“Gənclər və mədəni diplomatiya: Yeni nəsil təsir mexanizmləri” mövzusunda III panel müzakirə baş tutub.

Panel müzakirədə gənclərin mədəni diplomatiyada artan rolu, beynəlxalq təşkilatlar çərçivəsində gənclərin sülh quruculuğu proseslərinə töhfəsi, mədəniyyətlərarası anlaşmanın təşviqində yeni nəsil yanaşmalar və təsir mexanizmləri ətrafında geniş fikir mübadiləsi aparılıb.

Panelin spikerləri qismində Qoşulmama Hərəkatı Gənclər Təşkilatı sədri Leyla Həsənova və İslam Əməkdaşlıq Təşkilatı Gənclər Forumu Avrasiya Regional Mərkəzi Baş direktorunun müavini Ramin Həbibzadə çıxış ediblər. Spikerlər beynəlxalq platformalarda Azərbaycan gənclərinin artan təmsilçiliyindən, mədəni diplomatiyanın sülh gündəliyindəki yerindən və gənclərin bu proseslərdə təşəbbüskar rolundan bəhs ediblər.

Belə ki, Panel zamanı Leyla Həsənova çıxışında gənclərin beynəlxalq diplomatiya proseslərində artan roluna xüsusi diqqət çəkib. O, xüsusilə COP29 çərçivəsində əldə etdiyi təcrübədən bəhs edərək, qlobal iqlim gündəliyində gənclərin iştirakının artıq simvolik deyil, real təsir gücünə malik olduğunu vurğulayıb. Leyla Həsənova qeyd edib ki, bu kimi qlobal platformalar gənclərə yalnız iştirak imkanı deyil, həm də mövqe bildirmək, təşəbbüslərlə çıxış etmək və diplomatik proseslərin aktiv tərəfinə çevrilmək imkanı yaradır.

Ramin Həbibzadə isə çıxışında Azərbaycanın beynəlxalq gənclər platformalarında layiqli şəkildə təmsil olunmasının əhəmiyyətindən danışıb. O bildirib ki, xarici platformalarda ölkəni təmsil edən gənclər təkcə fərdi uğur qazanmır, eyni zamanda Azərbaycanın mədəniyyətini, dəyərlərini və sülh mesajını dünyaya çatdıran canlı diplomatiya daşıyıcılarına çevrilirlər. Ramin Həbibzadə vurğulayıb ki, beynəlxalq təşkilatlarda aktiv iştirak, şəbəkələşmə və təşəbbüskarlıq gənclərin mədəni diplomatiya vasitəsilə ölkənin imicinə verdiyi töhfəni daha da gücləndirir.

Panel “Bir Könüllü” Tələbə Təşkilatının idarə heyətinin üzvü Əli Süleymanovun moderatorluğu ilə interaktiv formatda davam edib, iştirakçıların sualları spikerlər tərəfindən ətraflı şəkildə cavablandırılıb.