“Mədəniyyətlərarası dialoq və sülh: Qlobal çağırışlar və lokal həllər” mövzulu II panel müzakirə təşkil olunub
- English
- Azərbaycanca
Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin dəstəyi, Bakı Dövlət Universiteti, “BDU könüllüləri” təşkilatı və Mədəniyyətlərarası Dialoq naminə Qlobal İttifaq tərəfdaşlığı, həmçinin “Bir Könüllü” Tələbələrin Əməkdaşlığı İctimai Birliyinin təşkilatçılığı ilə həyata keçirilən Gənclər sülh naminə mədəniyyətlərarası dialoqda – Bakı Forumu çərçivəsində “Mədəniyyətlərarası dialoq və sülh: Qlobal çağırışlar və lokal həllər” mövzulu II panel müzakirə təşkil olunub.
Panel müzakirədə çıxış edən Bakı Dövlət Universitetinin Beynəlxalq əlaqələr kafedrasının müəllimi Aytən Qurbanova müasir beynəlxalq münasibətlər sistemində müşahidə olunan qlobal qeyri-müəyyənlik və artan geosiyasi gərginliklər fonunda mədəniyyətlərarası dialoqun strateji əhəmiyyətindən bəhs edib. O, xüsusilə Cənubi Qafqaz regionunda sülh quruculuğu proseslərinin aktuallığını vurğulayaraq, Azərbaycanın bu istiqamətdə həyata keçirdiyi diplomatik təşəbbüslərin regionda sabitlik və əməkdaşlığın formalaşmasına mühüm töhfə verdiyini qeyd edib.
Spiker çıxışında Azərbaycan diplomatiyasının son illərdə sülh gündəliyinin irəlilədilməsi, regional dialoq platformalarının təşviqi və qarşılıqlı etimad mühitinin gücləndirilməsi istiqamətində fəal rol oynadığını bildirib. O, bu yanaşmanın təkcə regional deyil, həm də qlobal səviyyədə sülh mədəniyyətinin inkişafına xidmət etdiyini vurğulayıb.
Panel müzakirənin moderatoru “Bir Könüllü” Tələbələrin Əməkdaşlığı İctimai Birliyinin sədr müavini, layihə rəhbəri Rufiz Qulizadə olub. O, sessiyanın interaktiv formatda keçdiyini, iştirakçıların sual-cavab və fikir mübadiləsi vasitəsilə müzakirəyə aktiv qoşulduğunu bildirib və gənclərin bu proseslərdə iştirakının vacibliyini qeyd edib.
Sonda panel iştirakçıları tərəfindən səsləndirilən fikirlər ümumiləşdirilib və mədəniyyətlərarası dialoq, regional sülh təşəbbüsləri və gənclərin bu proseslərdə rolu ilə bağlı müzakirələrin davam etdirilməsinin əhəmiyyəti vurğulanıb.
Qeyd edək ki, Bakı Forumu gənclər arasında mədəniyyətlərarası dialoqu təşviq etmək, sülh dəyərlərini gücləndirmək və qlobal çağırışlara lokal yanaşmaların müzakirəsi üçün mühüm platforma rolunu oynayır.