“Mədəniyyətlərarası dialoqun Azərbaycan modeli” layihəsi çərçivəsində ikinci təlim keçirildi

Mövcuddur:

“Mədəniyyətlərarası dialoqun Azərbaycan modeli: maarifləndirmə və yeni alətlərin yaradılması” layihəsi çərçivəsində ingilis dilində təşkil olunan ikinci təlim uğurla baş tutub.

Təlim Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin maliyyə dəstəyi və Mədəniyyətlərarası Dialoq naminə Qlobal İttifaqın (GUIDE) təşkilatçılığı ilə Yaradıcı Mərkəzdə keçirilib. Tədbirdə mədəniyyət sahəsində çalışan mütəxəssislər, qeyri-hökumət təşkilatlarının nümayəndələri və gənclər iştirak ediblər.

Qeyri-formal təhsil metodlarına əsaslanan sessiya çərçivəsində iştirakçılar “Mədəniyyət Aysberqi” yanaşması vasitəsilə mədəniyyətin görünməyən elementlərini araşdırıblar. Həmçinin “İrəli addım” çalışması və rollu oyunlar vasitəsilə imtiyaz, bərabərsizlik və inklüzivlik kimi anlayışlar praktik şəkildə təhlil olunub.

Təlim iştirakçılara mədəni müxtəlifliyi daha dərindən anlamaq, fərqli sosial və mədəni arxa plana malik insanlara qarşı empatiya bacarıqlarını inkişaf etdirmək və icmalarında dialoqu təşviq etmək üçün yeni alətlər qazandırıb.