“Rəqəmsal dövrdə mədəniyyətlərarası ünsiyyət və dezinformasiya riski” mövzusunda IV panel sessiya təşkil olunub
- English
- Azərbaycanca
Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin dəstəyi, Bakı Dövlət Universiteti, “BDU könüllüləri” təşkilatı və Mədəniyyətlərarası Dialoq naminə Qlobal İttifaq tərəfdaşlığı, həmçinin “Bir Könüllü” Tələbələrin Əməkdaşlığı İctimai Birliyinin təşkilatçılığı ilə həyata keçirilən “Gənclər sülh naminə mədəniyyətlərarası dialoqda – Bakı Forumu”nun ikinci günündə “Rəqəmsal dövrdə mədəniyyətlərarası ünsiyyət və dezinformasiya riski” mövzusunda IV panel sessiya təşkil olunub.
Panelin spikeri Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinin dekanı, Mətbuat Şurasının sədr müavini, Əməkdar jurnalist Vüqar Zifər oğlu olub.
Sessiya zamanı spiker rəqəmsal informasiya mühitində mədəniyyətlərarası ünsiyyətin yeni xüsusiyyətləri, sosial şəbəkələr və onlayn platformalar vasitəsilə informasiya axınının sürətlənməsi, bununla yanaşı dezinformasiyanın yayılma risklərinin artması məsələlərinə geniş şəkildə toxunub. Qeyd olunub ki, rəqəmsal mühitdə yanlış və manipulyativ məlumatların sürətlə yayılması cəmiyyətlər arasında etimadın zəifləməsinə, stereotiplərin formalaşmasına və qarşılıqlı anlaşma mühitinə mənfi təsir göstərə bilir.
Çıxış zamanı media savadlılığının artırılması, tənqidi düşüncə bacarıqlarının inkişaf etdirilməsi və informasiya mənbələrinin düzgün seçilməsinin xüsusilə gənclər üçün prioritet istiqamətlərdən biri olduğu vurğulanıb. Bildirilib ki, sağlam informasiya mühitinin formalaşdırılması mədəniyyətlərarası dialoqun qorunması və inkişaf etdirilməsi baxımından mühüm əhəmiyyət kəsb edir.
“Bir Könüllü” TƏİB-in sədr müavini Rufiz Qulizadənin moderatorluğunda baş tutan sessiya interaktiv formatda davam edib, iştirakçıların sualları cavablandırılıb və mövzu ətrafında geniş fikir mübadiləsi aparılıb. Sessiya çərçivəsində rəqəmsal dövrdə mədəniyyətlərarası ünsiyyətin təhlükəsiz və məsuliyyətli informasiya davranışı ilə birbaşa əlaqəli olduğu diqqətə çatdırılıb.