Bakı Prosesi Gənclər Simulyasiyası
- English
- Azərbaycanca
Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin dəstəyi ilə Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurası (NAYORA) Mədəniyyətlərarası Dialoq naminə Qlobal İttifaq (GUIDE) ilə əməkdaşlıq çərçivəsində “Bakı Prosesi Gənclər Simulyasiyası” layihəsinə start vermişdir.
Ümumi Məlumat
“Bakı Prosesi Gənclər Simulyasiyası” Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində hazırlanmış beynəlxalq gənclər təşəbbüsüdür. Bu layihə gəncləri birbaşa mədəniyyətlərarası dialoqa cəlb etmək, həmçinin həm yerli, həm də beynəlxalq gənclər auditoriyası arasında platforma haqqında məlumatlılığı artırmaq məqsədi daşıyan "Bakı Prosesi" çərçivəsində yaradılmış ilk gəncləryönümlü təşəbbüsdür.
Layihə real beynəlxalq müzakirələri simulyasiya etmək üçün Azərbaycan və tərəfdaş ölkələrdən olan gənc iştirakçıları bir araya gətirir. İştirakçılar müəyyən edilmiş rolları öz üzərinə götürür, strukturlaşdırılmış debatlarda iştirak edir, mədəni və milli mənsubiyyətlərindən irəli gələn fərqli baxış bucaqlarını bölüşür və ortaq həll yolları istiqamətində kollektiv şəkildə çalışırlar.
Struktur
Layihə iki mərhələdə həyata keçirilir.
Birinci mərhələ Azərbaycan və tərəfdaş ölkələrdən olan müraciətçilər üçün açıq çağırışdan, ardınca isə silsilə onlayn təlim sessiyaları və interaktiv vörkşoplardan ibarətdir. Bu mərhələ ərzində seçilmiş iştirakçılar "Bakı Prosesi"nin məqsəd və prinsipləri, mədəniyyətlərarası dialoqun əhəmiyyəti və beynəlxalq əməkdaşlıq mühiti ilə tanış olurlar.
İkinci mərhələ isə seçilmiş iştirakçıları təlim sessiyaları, panel müzakirələri və simulyasiya məşğələsinin özünü əhatə edən əyani fəaliyyətlər üçün Bakıya toplayır. Simulyasiyanın sonunda iştirakçılar gənclərin müəllifliyi ilə “Bakı Prosesi: Gənclərin Perspektivi” təşəbbüsü altında qətnamə təqdim edirlər və bu sənəd rəsmi olaraq aidiyyəti qurumlara göndərilir.
Nəticələr
İştirakçılar əsas ideya və tövsiyələri özündə əks etdirən yekun nəticə sənədinin hazırlanmasına töhfə verirlər. Ən fəal iştirakçılar "Bakı Prosesinin Səfirləri" seçilir və gələcək beynəlxalq təşəbbüslərə cəlb olunurlar. Layihə beynəlxalq səviyyədə mədəniyyətlərarası dialoqda gənclərin iştirakı üçün dayanıqlı platformanın yaradılmasını hədəfləyir.