Mədəniyyət vasitəsilə davamlı sülh yaradaq

Mövcuddur:

“Mədəniyyət vasitəsilə davamlı sülh yaradaq!” Beynəlxalq Forumu Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin dəstəyi və Mədəniyyətlərarası Dialoq naminə Qlobal İttifaqın (GUIDE) tərəfdaşlığı ilə Azərbaycan Demokratik Tələbə Gənclər Təşkilatı (ADTGT) tərəfindən təşkil olunmuşdur.


Ümumi Məlumat

Dörd gün ərzində Bakıda keçirilən “Mədəniyyət vasitəsilə davamlı sülh yaradaq!” Beynəlxalq Forumu 10 ölkədən QHT rəhbərlərini, gənc liderləri, hökumət və beynəlxalq təşkilatların nümayəndələrini, ekspertləri və vətəndaş cəmiyyəti təmsilçilərini bir araya gətirmişdir. "Bakı Prosesi" çərçivəsində təşkil edilən Forumun məqsədi Azərbaycanın mədəniyyətlərarası və sivilizasiyalararası dialoq modelini təşviq etmək, xarici və yerli vətəndaş cəmiyyəti institutları arasında dayanıqlı əməkdaşlığı inkişaf etdirmək idi.


Struktur

Forum Bakının müxtəlif məkanlarında, o cümlədən Azərbaycan Turizm və Menecment Universiteti və Bakı Avrasiya Universitetində panel müzakirələri, interaktiv sessiyalar, təqdimatlar və şəbəkələşmə fəaliyyətlərini özündə birləşdirən formatda keçirilmişdir. Proqram dörd tematik panel ətrafında qurulmuşdur: "Mədəniyyət vasitəsilə sülh: Gənclərin fəal iştirakı", "Sülh və birgəyaşayış alətləri kimi multikulturalizm və tolerantlıq", "Mədəni diplomatiya və sülhün müdafiəsi" və "Sülh mədəniyyətinin inkişafında gənclərin dayanıqlı əməkdaşlığı".


Nəticələr

Forum bütün iştirakçılar tərəfindən Bəyannamənin yekdilliklə qəbul edilməsi ilə başa çatmışdır. Sənəd Azərbaycanın "Bakı Prosesi"ni müsbət və dayanıqlı qlobal model kimi tanımış və onun beynəlxalq miqyasda daha geniş təşviqinə çağırmışdır. Bundan əlavə, sənəddə mədəniyyətlərarası dialoq və mədəni diplomatiya sahələrində beynəlxalq və regional gənclər layihələrinin davam etdirilməsi tövsiyə olunmuş və gənclər arasında bu sahələrdə şəbəkələşmə təşəbbüslərinin inkişafı təşviq edilmişdir. İştirakçı təşkilatlar həmçinin "Bakı Prosesi"nə rəsmi qaydada qoşulmağa dəvət olunmuşlar.